Bakıda İkinci Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi
bütün beynəlxalq qurumlar tərəfindən Azərbaycanın
bu hüququ qazanmış bir ölkə kimi qəbul edilməsinin
bariz nümunəsidir
Bakıda İkinci Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun keçirilməsi bütün beynəlxalq
qurumlar tərəfindən Azərbaycanı bu hüququ
qazanmış bir ölkə kimi qəbul edilməsinin bariz
nümunəsidir.
AzərTAc
xəbər verir ki, bu sözləri İkinci Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunun yekunları ilə jurnalistlərə müsahibəsində
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
söyləmişdir. Vurğulanmışdır ki, Forumun
ölkəmizdə keçirilməsində və bu qərarın
qəbul olunmasında dünyanın nüfuzlu təşkilatları
iştirak etmişlər.
Nazir
bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi
ilə yüksək səviyyədə keçirilən
İkinci Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun əsas tərəfdaşları UNESCO, BMT-nin
Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa
Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO,
BMT-nin Dünya Turizm Təşkilatı kimi çox nüfuzlu
qurumlar olmuşlar. Ümumiyyətlə, Azərbaycan Prezidenti
İlham Əliyevin himayəsi ilə bu Forumun iki ildən bir
Bakıda təşkil olunması ilə bağlı qərarın
qəbul edilməsi artıq ölkəmizin dünya mədəniyyətinin və
sivilizasiyalararası dialoqun mərkəzinə çevrilməsinin
göstəricisidir.
Əbülfəs
Qarayev demişdir ki, Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu ideyasının Azərbaycanda yaranması və
reallaşması həm də ölkəmizin
tolerantlığına əyani sübutdur. Azərbaycanda həyata
keçirilən dövlət siyasəti, ictimai-siyasi vəziyyət
buna əsas verir ki, ölkəmizdə belə mötəbər
tədbirlər mütəmadi keçirilsin.
Nazir
diqqətə çatdırmışdır ki, Forumda
dünyanın 90 ölkəsindən 500-dək nümayəndə
iştirak etmişdir. Forum çərçivəsində
müxtəlif mövzularda 19
sessiya keçirilmişdir. Plenar iclas və sessiyalarda
beynəlxalq nüfuza malik tanınmış alimlər,
görkəmli ictimai-siyasi xadimlər, dünyanın aparıcı elm və
mədəniyyət ocaqlarının rəhbərləri
iştirak etmişlər.
Xalq qəzeti.- 2013.- 4 iyun.- S. 2.